Zəngəzurda Kalininqrad təcrübəsi| Dünya Gömrük Təşkilatı ABŞ-Rusiya-İran balansını yarada bilər

2024/01/55-1704968232.jpg
Oxunub: 4275     15:40     11 Yanvar 2024    
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya KİV-inə müsahibəsində Naxçıvanla quru əlaqəsinin sərhəd və gömrük rejiminə toxunaraq bildirib ki, Azərbaycan “Kalininqrad variantı”nı müzakirə etməyə hazırdır.

“Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona çatdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır”, - deyə Hikmət Hacıyev bildirib.

Söhbət Rusiyanın Belarus və Litva ərazisi vasitəsilə həyata keçirdiyi anklav regionu ilə quru kommunikasiyasından gedir. Rusiya və Litva 2003-cü ildə bu məsələ ilə bağlı ayrıca saziş imzalayıblar. Sazişə əsasən, Rusiyadan Kalininqrada və əksinə “tranzit qatarı” anlayışı müəyyən edilir, Litvanın konsulluq xidmətləri sərnişinlərinə sənədlərinin qanuniliyini əvvəlcədən yoxlayaraq, birdəfəlik tranzit bileti verir.

Ardınca Rusiya KİV-ləri Rusiya Federasiyası Federal Şurasının üzvü Dmitri Roqozinin “Telegram” qeydini yayıb: “Litvada Kalininqrada dəhliz açmağın vaxtıdır. Vətəndaşlarımızın Rusiyadan Rusiyaya getməsi üçün xarici ölkənin hakimiyyət orqanlarının vizası və digər icazələri yolverilməzdir”. Roqozin Rusiya siyasi elitasında yeni sima deyil. O, uzun müddət Rusiya Federasiyası Baş nazirinin müavini vəzifəsində hərbi sənaye sahəsini koordinasiya edib, sonra “Roskosmos”un baş direktoru vəzifəsini tutub.

Litva halında Rusiya Ukraynadakı müharibənin “quru nəticələrinin paketləşdirilməsi” üzrə, şübhəsiz ki, bir gün başlayacaq danışıqlardan asılı olaraq NATO və Avropa İttifaqı ilə məşğul olacaq. İranın Ermənistandakı səfiri Kirmandakı terror aktından bir neçə saat əvvəl demişdi ki, Ermənistan ərazisindən keçən bütün kommunikasiyalar onun yurisdiksiyasında olmalıdır. Hikmət Hacıyev Azərbaycanın beynəlxalq gömrük strukturları ilə işlədiyinə eyham vurub. İlin sonunda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində görülən işlərdən danışıb.

Moskva 10 noyabr sənədinin etibarlı olmasında israr etməkdə davam edir. Azərbaycanın xarici işlər naziri Rusiya kontingentinin 2025-ci ilin sonuna qədər qalacağına əmin edib. Rusiya xarici işlər nazirinin müavini Qaluzin xatırladıb ki, Rusiya hərbi kontingentinin yerləşdirilmə müddətinin uzadılması ehtimalı var və Moskva bu məsələləri yalnız Bakı ilə müzakirə edir. ABŞ Dövlət Departamentinin sözçüsü Miller bildirib ki, Rusiya Vaşinqtonun vasitəçiliyi ilə İrəvan-Bakı danışıqlarına mane olmur. Bəs Vaşinqton Zəngəzur dəhlizi layihəsini dəstəkləyirmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalininqrad   Zəngəzur   Dəhliz  


Bizi "telegram"da izləyin